`Əsrin işi`, ev davası, oğurluq – Apellyasiya Məhkəməsində bir gün


18:45     17 Oktyabr 2016 IMG_8045.JPG

Azərbaycanda yaşayan hər bir şəxs pozulan hüquq və azadlıqlarını məhkəmədə müdafiə etmək hüququna sahibdir. Vətəndaş bu hüququnu istər yerli və apellyasiya məhkəmələrində, istərsə də Ali Məhkəmədə həyata keçirə bilər. Bir qayda olaraq apellyasiya məhkəmələrinə əvvəlki instansiya məhkəmələrinin çıxardığı qərarlardan narazı qalanlar müraciət edir.


Bakıdakı bütün rayon məhkəmələrinin qərarlarından verilən şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılır. Bu baxımdan Bakı Appelyasiya Məhkəməsinin qarşısı və həyəti adətən narazı insanlarla dolu olur.

Biz də havanın yağışlı və küləkli olmasına baxmayaraq, gedən proseslərlə yerindəcə tanış olmaq üçün üz tutduq Bakı Apellyasiya Məhkəməsinə. Hava əlverişsiz olduğuna görə məhkəmə qarşısında az sayda insan gözümüzə dəydi.

Daxil olduq məhkəmənin həyətinə.

Şiddətli yağış yağdığına görə həyətdə çox qala bilmədik və məhkəmə zallarının olduğu binaya keçdik.



Qarşımıza azərbaycan dilində danışmaqda çətinlik çəkən 55-60 yaşlarında bir kişi çıxdı. Qısa müddət həmsöhbət olduqdan sonra onun Rusiya vətəndaşı olduğunu və övladının məhkəmə prosesində iştirak etmək üçün Bakıya gəldiyini öyrəndik. Oğlunun günahsız yerə həbs olunduğunu deyən ata Bakı Apellyasiya Məhkəməsinin ədalətli qərar çıxardacağına inandığını bildirdi:



“Adım Aslanov Səhrəddindir, Rusiya vətəndaşıyam və Rostov şəhərində yaşayıram. Oğlum da Rusiya vətəndaşıdır. Onun adı Aslanov Ələkbərdir. Oğlum iki il bundan əvvəl Rusiyadan Azərbaycana gələrkən gömrükdə saxlanıldı və onun üzərindən əvvəlcədən bəyan edilməmiş 200 min rubl pul tapıldı. Nəticədə cinayət işi açıldı və məhkəmənin qərarı ilə oğlum 7 il müddətinə azadlıqdan məhrum edildi. Artıq iki ildir ki, o, həbsdədir. Tək istəyim onun Bakı Apellyasiya Məhkəməsinin ədalətli qərar çıxararaq oğlumun həbsdən azad olunmasıdır. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq”.

Korridorda gəzişirdik ki, qarşımıza simalarından dərd-qəm tökülən yaşlı ata və ana çıxdı. Onların dərdləri isə daha böyük idi. Oğurluq etdiklərinə görə oğlanlarının birinə 4, digərinə isə 6 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Valideynlər övladlarının günahsız yerə həbs olunduğunu bildirdilər:

“Oğurluq övladlarımın maşınında baş tutub. Oğlanlarım əvvəlcə xəbərsiz olublar. Oğurluqdan xəbər tutan kimi oğurluq edən şəxsləri maşından düşürüb. Lakin məhkəmə hər iki oğlumu oğurluqda təqsirli bilərək birinə 4, digərinə isə 6 il azadlıqdan məhrumetmə cəzası çəkdi. Birazdan apellyasiya şikayətimizə baxılacaq”.



Koridorlarda bir qədər gəzişdikdən sonra məhkəmə zallarından birinə daxil olduq. Hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən prosesdə Leyla adlı xanımın iddia ərizəsinə baxılırdı. Dediyinə görə o, 2015-ci ildə ərindən boşanıb və himayəçiliyində azyaşlı qızı var. Əvvəlki ərindən tələb etdiyi isə yaşadığı evdən paya sahib olmaqdır:

“Yoldaşım, qaynatam və qaynanamla birlikdə Binəqədi rayonunda yerləşən 6 otaqlı iki mərtəbəli mənzildə yaşayırdıq. Lakin elə oldu ki, 2015-ci ildə bizim yollarımız ayrılası oldu. Boşandıqdan sonra mənə 15 min manat pul verildi. Lakin bu məbləğ çox aşağıdır. Ya mənə birlikdə yaşadığım evdən pay verilsin, ya da yüksək məbləğ pul ödəsinlər ki, özümə alım”.

Qarşı tərəfin vəkili isə evin birgə nikahdan əvvəl tikildiyini və qadının həmin evə iddia sürmək hüququnun olmadığını izah etdi.

Hakim İsmayıl Xəlilov tərəfləri barışığa dəvət etdi. Çıxış üçün söz alan qayınata gəlinlərinin psixoloji durumunun yaxşı olmadığını irəli sürdü.

Məhkəmənin qərarı növbəti prosesə qədər təxirə salındı.

Bir qədər sonra İsmayıl Xəlilovun sədrliyi ilə növbəti mülki işə baxıldı. Prosesdə “Azercell” cavabdeh qismində iştirak edirdi. Vətəndaş Ceyhun Əhmədli iddia edirdi ki, istifadə etdiyi “Azercell” data kartı mənbəyi məlum olmayan borc yazıb. Vətəndaş bildirdi ki, internetdən istifadəyə görə bir neçə dəqiqə ərzində 171 manat borcun yazılıb və “Azercell” bu borcun hansı mənbədən yarandığını izah etməyib. Qarşı tərəf isə “Azercell”in əlində istifadəçinin hansı saytlara girməsi ilə bağlı məlumat olmadığını diqqətə çatdırdı. Hakim növbəti prosesdə vətəndaşdan internetə daxil olarkən istifadə etdiyi cihazı, “Azercell”dən isə ətraflı qayimə gətirməyi tələb etdi. Növbəti məhkəmə prosesi 28 noyabr tarixində keçiriləcək. Hakim sonda bu davanı zarafatla “əsrin işi” adlandırdı.

Femida.az

Açar sözlər:

Oxunub: 3096